"Foruma 35 beynəlxalq təşkilat və 100-dən çox ölkə qatılacaq" - AÇIQLAMA

"2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan və fərqli etnik, mədəni, dini mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün qlobal platformaya çevrilib. SİA-nın məlumatına görə, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Nazir əlavə edib ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun coğrafiyası çox genişlənib, tədbirə qoşulan qurumların sayı xeyli artıb: "Budəfəki forumda Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peruya kimi dövlətlərin təmsilçiləri iştirak edəcək. Ümumilikdə, beşinci foruma 35 beynəlxalq təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr qatılacaq. Hazırda foruma qeydiyyat davam edir. Bir çox ölkələr xarici işlər və mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Forumun mövzusu UNESCO tərəfindən təsdiqlənib və müasir dünya üçün aktuallıq kəsb edir. Forum çərçivəsində panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq. Tədbir BMT-nin televiziyası və rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə