Lənkəran teatrında “Şənbə axşamı” nın premyerası olub

Lənkəran Dövlət Dram Teatrında Qırğızstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olub. SİA-nın məlumatına görə, tamaşadan öncə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq Abdullayev səhnəyə çıxaraq teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edərək onu təşəkkürnamə ilə mükafatlandırıb. Daha sonra tamaşaya baxış olub.

Səhnə əsərində hadisələr bizim günlərdə cərəyan edir. Kənd məktəbinin müəllimi Kuruçbəyin Moskvada ali məktəbdə təhsil alan oğlu Esen evə gəlin gətirir. Xeyir-dua almaqdan ötrü Kuruçbəy arvadı ilə birlikdə təzə qohumlarının evinə gedir. Burada onlar gözlənilməz vəziyyətlə üzləşirlər.

Anşlaqla keçən və böyük maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Fərəcova ifa ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə