Albert Aqarunovun 50 illik yubileyi qeyd olundu - TƏDBİR- FOTOLAR

Bu gün Milli Qəhrəmanımız Albert Aqarunovun 50 illik yubileyidir. Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev açıb.

O, qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq. Sonra iştirakçılar Albert Aqarunovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanların əziz xatirəsini bir dədiqəlik sükutla yad ediblər. Milli Qəhrəman haqqında video-çarx nümayiş olunub.

Çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Albert Aqarunov hafizəmizə köçən qəhrəmanlardan biridir: "Albert çox sadə oğlan idi, Azərbaycan ailələri ilə birgə böyümüşdü, onu savaşa getməyə heç kim məcbur etməyib. O, bizim oğlumuzdur, bizim torpağın uğrunda qurban gedib".

Anım mərasimində iştirak edən Milli Qəhrəmanın qardaşı Rançik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Sonra "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli təsis etdiyi “Azərbaycanın qüruru” Qızıl Ordeni Milli qəhrəmanın qardaşı Rançik Aqarunova təqdim edib.

Daha sonra tədbirdə İqdırda Beynəlxalq Qondarma Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksel Gülbey çıxış edib. O, bildirib ki, belə qəhrəmanlar unudulmamalıdır və gələcək nəsil də qəhrəmanlarımızı yad etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə