Krakovda Yusuf Məmmədəliyevin barelyefi açılıb

Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşadakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində aprelin 24-də Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri, Y.H. Məmmədəliyevin Memorial Muzeyinin direktoru, professor Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirin birinci hissəsində Akademiyanın rəhbərliyi keçirilən bu tədbirin məqsəd və məramından danışıb.

Səfir Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində quraşdırılması ideyası və həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat verib.

Vüqar Baxışov nazirliyin rəhbərliyinin salamlarını akademiyaya çatdıraraq rəsmi təşəkkür məktubu təqdim edib. Reyhan Əliyeva tədbirdə akademik Y.Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında və xüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışıb. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan film nümayiş olunub.

Tədbirin ikinci hissəsində Akademiyanın Kimya fakültəsinin korpusunda Y.Məmmədəliyevin barelyefinin rəsmi açılış mərasimi həyata keçirilib və barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyulub.

Tədbirdə akademik Yusuf Məmmədəliyevin “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçalar və onun həyat və yaradıcılığını əks etdirən bukletlər mərasim iştirakçılarına paylanılıb, habelə xeyli sayda nüsxə Akademiyanın kitabxanasına bağışlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə