Nəsiminin 650 illiyinə həsr edilmiş fotosərgi

Braziliya Milli Konqresinin binasında Azərbaycanın Braziliyadakı səfirliyinin, Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajadonun dəstəyi ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş “Azərbaycanın Mədəniyyəti, Ənənələri və Peyzajı” adlı fotosərginin açılış mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə səfir Elxan Poluxov ölkəmizin mədəniyyəti, adət-ənənələri, eləcədə Azərbaycan və Braziliya arasında formalaşmış ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı haqqında tədbir iştirakçılarına məlumat verib.

Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajado ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.

Tədbirdə Braziliya parlamentinin deputatları, senatorları, Braziliya Xarici Əlaqələr Nazirliyinin əməkdaşları, eləcə də Braziliya akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Fotosərginin açılış mərasimi yerli mətbuat tərəfindən işıqlandırılıb.

Fotoşəkillər Braziliya Milli Konqresində mayın 3-nə kimi sərgilənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə