“Günəşli küləyin blyuzu” - SƏRGİ

Moskvada Azərbaycan rəssamı Müseyib Əmirovun sərgisi açılıb. Rəssamın “Günəşli küləyin blyuzu” adlı sərgisi Moskvadakı Zurab Sereteli İncəsənət Qalereyasında təşkil edilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Rəssamlıq Akademiyasının birgə təşkil etdiyi sərginin ekspozisiyasına rəssamın 2015-ci ildən indiyədək çəkdiyi 100-ə yaxın əsəri daxildir. Rəsmlərin bir çoxu tamaşaçılara ilk dəfə təqdim olunur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edərək ekspozisiyanın təşkil olunmasına görə Heydər Əliyev Fonduna, Zurab Sereteli İncəsənət Qalereyasına təşəkkürünü bildirib. Azərbaycan rəssamlarının əsərlərinin dünyanın ən məşhur muzeylərində sərgiləndiyini vurğulayan səfir M.Əmirovun özünəməxsus dəstxətindən, əsərlərinin parlaqlığı, rəng çalarlarının müxtəlifliyindən danışıb. O qeyd edib ki, bu rəsmlərin timsalında Azərbaycan incəsənətinin və mədəniyyətinin dünya miqyasında uğurla təmsil olunduğunu demək olar. Polad Bülbüloğlu həmçinin xatırladıb ki, bu ilin may ayında Bakıda, Heydər Əliyev Mərkəzində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin əsərlərinin sərgisi keçiriləcək. O, məşhur rəssamın əsərlərinin Bakıda sərgilənməsini Azərbaycanın mədəni həyatında mühüm hadisə adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə