“Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” - TƏDBİR

Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər davam edir. “Nəsimi ili” çərçivəsində növbəti tədbir bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” adlı elmi-praktiki seminar adı altında reallaşıb.

SİA-nın məlumatına görə, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor və müəllimlərinin məruzəsi dinlənilib. Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin repertuarında “Nəsimi” kompozisiyası təqdim olunub. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli orta məktəbin şagirdləri tərəfindən Nəsiminin şeirləri səsləndirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsinin dəyərinin geniş kütləyə çatdırılması və gənc nəsildə bədii və fəlsəfi fikrə marağı artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə