Lerikdə Xalq artistinin 70 illik yubileyinə həsr olunmuş tamaşa göstərilib

Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayon mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təqdim edib. SİA-nın məlumatına görə, teatrın aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti Qabil Quliyevin 70 illiyinə həsr olunmuş tamaşadan öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İran İslam Respublikasının Ərdəbil vilayəti mədəniyyət baş idarəsinin rəis müavini Qərib Mənuçehri və digərləri çıxış edərək Qabil Quliyevin Azərbaycan teartının inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıblar.

Tədbirdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Daha sonra Xalq artisti Qabil Quliyevin, əməkdar artistlər Adil Zeynalovun və Sucəddin Mirzəyevin, aktyorlardan Miraslan Ağayevin, Qızılgül Quliyevanın, Əlibala Əsgərovun, Emin Fərzullayevin, Hikmət Cəfərovun, Rauf Zeynalovun və Nizami Qurbanovun iştirakı ilə "Olanlardan-keçənlərdən" tamaşasınıa baxış olub.

Qeyd edək ki, epik səpkidə hazırlanmış tamaşada dramaturji material üçün mövzu Ü.Hacıbəyovun XIX əsrin sonlarında və XX əsrin əvvəllərində müxtəlif qəzetlərdə işıq üzü görmüş felyeton, hekayə, pamflet və intermediyalarından istifadə olunub.

Yerli ictimaiyyətin böyük maraqla izlədiyi tamaşadan sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Xalq artisti Qabil Quliyevi qəbul edərək ona yubiley təbrikini çatdırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...