Aromaterapiya bizi sağlamlaşdıra bilər - ARAŞDIRMA

Beynimiz bədənimizi idarə edən ən mühüm orqandır. Orqanizmin bütün hormon fəaliyyəti məhz beyin sayəsində praqramlaşdırılır. Əgər beynin müəyyən bir hissəsində zədələnmə olarsa, bu, bütün orqanların fəaliyyətinə mənfi təsir göstərir, hətta iflic olmağa gətirib çıxarır. Bu baxımdan beynimizi əsəb və digər sarsıntılardan qorumağı bacarmalıyıq. Bəs beynimizə nəcə qulluq edə bilərik? Ona hansı maddə və yağların yaxşı təsir etdiyini bilirikmi?

Araşdırmalar sübut edir ki, beyinə ən yaxşı təsiri təmiz hava göstərir. Balıq yağı, qoz, badam, bal, çorəkotu yağı da beyini qidalandıran məhsullardandır. Bütün orqanizmi idarə edən bir orqanın-beyinin aldığı hava sağlamlığımıza birbaşa təsir edir. Əgər bu çirklidirsə, onda bədənimizin bütün orqanları bu çirkə məruz qalır. Bu, qanımızın da çirklənməsinə səbəb olur. Təsadüfü deyil ki, dağ havasında, təbiətin qoynunda yaşayan insanlar həm uzun ömürlü, həm də sağlam olurlar. Deməli, qəbul etdiyimiz hava, onun tərkibi beynimizə, qanımıza sorularaq bütün orqanlarımıza yayılır. Bu səbəbdən qaz və diğər kimyəvi maddələrin zəhərli havası ağır zəhərlənmələrə, hətta ölümə səbəb olur. Havanın, başqa sözlə desək, qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdən məlumdur. Elə ona görə də, hələ qədimdən tibb aləmində bir çox metodlarla yanaşı, özünəməxsusluğu ilə fərqlənən aromaterapiya – qoxu ilə müalicə də xüsusi yer tutur.

Aromaterapiyanın tarixi 6 min il əvvələ gedib çıxır. Qədim misirlilər mumiyalama prosesində müxtəlif bitki cövhərlərindən istifadə edirdilər. Bitki cövhərlərinin müalicə və gözəllik məqsədilə istifadəsi isə Qədim Yunan mədəniyyəti ilə bağlıdır. Roma İmperiyası dövründə bitkilərdən alınan yağlar masaj vasitəsilə tətbiq olunmağa başlayıb. Müasir aromaterapiyanın banisi isə fransız kimyaçısı Rene Qattefosse hesab olunur.

Aromoterapiyada müalicə məqsədilə müxtəlif efir yağlarından istifadə edilir. Efir yağları – bitki cövhərlərindən (ekstrakt) əmələ gəlir. Bu yağları əldə etmək o qədər də asan deyil. Belə ki, bir çay qaşığı qızılgül yağı əldə etmək üçün 5000 çiçəkdən istifadə edilir. Aromaterapistlər müalicə üçün 400-dək bitkinin yağlarından yararlanırlar.

Efir yağları ilə müalicə insanın sağlamlığına və əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir, zehni itiləşdirir. Çünki bu yağların tərkibində 300-ə qədər aktiv maddə var. Bu yağlar insanın dərisi üçün də xeyirlidir. Həmçinin, efir yağlarından bir sıra keyfiyyətli kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur.

Aromaterapiya prosedurası mütəxəssis tərəfindən həyata keçirilməlidir. Və ya qabaqcadan həkimlə məsləhətləşərək, heç bir ciddi xəstəliyin olmadığı müəyyənləşdirilməlidir. Ümumiyyətlə, aromaterapiyadan yalnız xəstəliklərin müalicəsi üçün istifadə etmək düzgün deyil. Heç bir xəstəliyi olmayan, sadəcə, sağlamlığını qorumaq istəyən hər bir kəs aromaterapiyandan faydalana bilər.

Aromaterapiyanın metodları

Qoxu ilə müalicə prosesini müxtəlif yollarla həyata keçirmək olar. Bunlardan efir yağları ilə masaj edilməsi çox effektiv üsuldur. Bu zaman istənilən efir yağından 1ml. götürülür və ona 49 ml. digər yağlardan (zeytun, badam və s.) əlavə edilərək masaj olunur. Tənəffüs yolu ilə aromaterapiya da geniş yayılıb. İsti suyun içərisinə, bir dəsmalın üzərinə və ya yastığa bir neçə damcı efir yağı tökməklə müalicəni həyata keçirmək olar. Aromaterapik şamlar və ətirli tüstülərlə də müalicə etmək mümkündür.

Geniş yayılmış üsullardan biri də vanna qəbul edilən suya bir neçə damcı efir yağının qatılmasıdır. Bu zaman həmin suya 8 damcıya qədər efir yağı tökmək məsləhətdir.

Aromaterapiya hansı xəstəliklərə yaxşı təsir edir?

Bel və kürək ağrıları, revmatizm, dəri ilə bağlı yaranan problemlər, qaşınmalar, ekzema xəstəliyi, hipertoniya, həzm problemləri, qəbizlik zamanı aromaterapiya xəstələrə yaxşı təsir göstərir. Həmçinin baş gicəllənməsi, baş ağrıları, miqren, stress, gərginlik və yuxusuzluq, enerji azlığı, halsızlıq, psixoloji problemlər olduqda da aromaterapiya məsləhət görülür. Üz dərisini təravətləndirmək üçün də aromaterapiyanı həyata keçirmək olar.

Bu cür müalicə kimlər üçün zərərlidir?

Aromaterapiyanın körpələrə, hamilələrə, allergiyası olan insanlara tətbiqi düzgün deyil. Həmçinin, dərman müalicəsi alan insanlar aromaterapiyaya üz tutmamalıdırlar. Çünki efir yağları dərmanların təsir gücünü azalda, hətta əks-göstərişə səbəb ola bilər. Hipertoniya xəstəliyindən əziyyət çəkənlər bitki ekstraktından istifadə etməməlidirlər. Epilepsiya xəstəliyi olanlar isə şüyüd, evkalipt və kəklikotu ilə müalicə aparmamalıdırlar. Diabet xəstələri evkalipt və limondan uzaq olmalıdırlar. Hamiləliyin ilk dörd ayında əfir yağları qadağan olsa da, sonrakı aylarda onlar da aromaterapiyadan yararlana bilərlər. Bu üsul bel ağrılarına kömək edər. Ancaq hamilələrin qərənfil, reyhan, ardıc, rozmarin, sürvə, şüyüd, cirə, sərv,

yasəmən, xardal, qara turp, kəklikotu kimi bitki cövhərlərindən istifadəsi məsləhət deyil. Bu yağlar əzələ spazmasına səbəb ola bilər. Üz dərisi üçün istifadəsi qadağan olan efir yağları isə darçın və qərənfildir.

Astma, bronxit kimi xəstəliklərdən əziyyət çəkənlərin tənəffüs yolu ilə aroma müalicə etdirmələri düzgün deyil. Yüksək hərarəti olan insanlarda, dəridə qaşıntı və qızartılar, açıq yaralar, yanıqlar, oynaqlarda burxulmalar, sınıqlar olduqda aromaterapiyadan yararlanmaq olmaz.

Aromaterapik yağlar

Efir yağlarının sakitləşdirici, ağrıkəsici, hafizəni gücləndirici, nəfəs tənzimləyici, toxumaları yeniləyici xüsusiyyətləri var. Bənövşə yağından istifadə etmək göz ağrısı, baş ağrısı, dərrakənin itilənməsi, insanın bədən temperaturunun mövsümə uyğun tənzimlənməsi üçün olduqca faydalıdır. Ban yağı isə hind fıstığından alınır. Bu yağ dəridə, xüsusən, ayaqda olan çatlar üçün xeyirlidir, immuniteti yüksəltmək qüdrətinə malikdir.

Küncüt yağı baş ağrılarının aradan qalxmasına kömək edir. Evkalipt, sakitləşdirici gücü ilə yanaşı, mikrobları öldürmək və qrip simptomlarını azaltmaq təsirinə

malikdir. Bu yağla sinəyə masaj edərək, soyuqdəymənin qarşısını almaq olar. Həmçinin, qış mövsümündə havanı qurutmamaq üçün qızdırıcıların yanına qoyulan suya da bir neçə damcı evkalipt əlavə ətmək olar. Bu, otaqda olan mikrobları məhv edir. Qış aylarında soyuqdəymə və qrip epidemiyalarına qarşı qara istiot, rozmarin, şam ağacı, lavanda, kəklikotu bitkilərindən əldə olunan efir yağları da çox kömək edir.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə