Tarixi abidələrimiz bu gün yüzlərlə ziyarətçini qəbul edib - ÖZƏL- FOTOLAR

Xəbər verdiyimiz kimi bu gün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “Açıq qapı” günü elan edilib.

SİA ölkəmizdə də geniş qeyd olunan "Açıq Qapı" gününə şahidlik etmək üçün qədim Şirvanşahlar Kompleksinidə olub. Müşahidələrimizdən onu deyə bilərik ki, Saraya çox sayda ziyarətçi gəlib. Ziyarətçilərin əksəriyyəti gənclər və məktəb şagirdləri olub. Tariximizi daha yaxından tanımaq istəyən uşaqlar Şirvanşahlar sarayını maraqla seyr ediblər. Burada bələdçi çalışan T. Əhmədova bildirib ki, 26 ildir Şirvanşahlarda bələdçi işləyir və işini olduqca çox sevir. Gənc bələdçilərə həvəslə təcrübə keçən xanım Azərbaycan tarixinin, Şirvanşahların buranı ziyarət edənlər üçün olduqca maraqlı olduğunu bildirib.

Qeyd edək ki, izləyiçilər arasında əcnəbi qonaqlar da az olmayıb. Saray bələdçiləri əcnəbiləri ingilis, ərəb və rus dilində məlumatlandırıblar. Şirvanşahlar sarayındakı tarixi tapıntılar, xalçalar daha çox maraqla qarşılanıb. Səhər saatlarında saraya gələn turistlərin sayı yülərcə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...