Dövlət başçısı "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam imzalayıb

Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan peşəkar teatrı da sənət yolunun yeni bir mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyev ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə teatr binaları təmir və bərpa etdirilib, onların dünya teatr səhnəsinə uyğun olaraq, fəaliyyət göstərmələrinə hər cür şərait yaradılıb. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Akademik Milli Dram Teatrı binaları və s. yüksək səviyyədə təmir-bərpa edilib. Prezidentin Sərəncamı əsasında, teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir, həyat şəraitləri yüksəldilir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə, Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, Azərbaycan teatr ənənələrinin qorunub- saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrıldı. Dövlət başçısının "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 11 mart Sərəncamı ilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırıldı.

Görülən işlərin davamı olaraq, bu günlərdə "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan teatr ənənələrinin qorunub- saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən, Azərbaycan Dövlət "Yuğ" Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb.

Həyata keçirlən tədbirlər mədəniyyətimizə dövlət tərəfindən göstərilən qayğının analoqu olmadığını bir daha göstərir. Bu gün dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan mədəniyyəti və incəsənəti yeni inkişaf dövrünü yaşayır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə