18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Bəşər mədəniyyətinin ayrılmaz parçası olan Azərbaycan xalqının mədəni irsi çoxəsrlik tarixi keçmişimizdən yadigardır və bu tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Məqbərələr, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarları zamanın sərt sınaqlarına sinə gərərək, bu günümüzə gəlib çatmışlar. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Şəki Xan Sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndir. Belə abidələrə sahib olan Azərbaycanda da 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

AZIX VƏ TAĞLAR MAĞARALARI DÜNYANIN ƏN QƏDİM İNSAN YAŞAYAN MƏSKƏNLƏRİDİR
Bu gün biz Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd etsək də, təəssüflər olsun ki, ölkəmizin ərazisinin 20 faizini təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli-mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıb. Hərbi təcavüz nəticəsində, ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək, qəsdən məhv edilir. Halbuki işğal altında olan Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi-mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilib.
Xocalı, Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz isə sıradan çıxarılır. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. İşğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri 1,421 mədəniyyət evini, 15 şəhər və 503 kənd mədəniyyət evi və klubunu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatr, 3 qalereya, 464 tarixi abidəni, təqribən 40 min tarixi əl işi və 4,6 mln. kitabı məhv edib və dağıdıblar. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞAL EDİLMƏSİ İLƏ ÖLKƏMİZİN TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNƏ DƏYƏN ZƏRƏR 177 MİLYARD DOLLAR TƏŞKİL EDİR
Ermənistanın təcavüzü nəticəsində, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə işçi qrupun qənaətinə əsasən, Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə ölkəmizin tarixi və mədəniyyət abidələrinə dəyən zərər 177 milyard dollar təşkil edir. Əhalinin mülkiyyətinə isə 55,4 milyard dollar məbləğində zərər vurulub. Qeyd edilib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər tərəfindən talan edilərək məhv edilməsi nəticəsində, dəymiş birbaşa və dolayı zərərin 190 milyard dollardan artıq olacağı şübhə doğurmur. Hərbi təcavüz nəticəsində, işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək, qəsdən dağıdılır.
Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar vardır. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, tarixini və mədəniyyətini yaratmaq siyasətinə xidmət edir.
AZƏRBAYCANDA OLAN 28 TARİXİ QORUQDAN 14-Ü TARİXİ-MƏDƏNİYYƏT QORUĞU, 8-İ TARİXİ-MEMARLIQ, 2-Sİ TARİXİ-BƏDİİ QORUQDUR
Dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar Meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların Evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" Xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamı oldu. Dövlət Proqramına əsasən, milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib.
Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-si tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Nardaran Tarix-Mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi-tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir.
DÖVLƏT BAŞÇISININ FƏRMAN VƏ SƏRƏNCAMLARI İLƏ ÖLKƏ ƏRAZİNDƏ OLAN QORUQLARDA, TARİXİ ƏRAZİLƏRDƏ GENİŞMİQYASLI BƏRPA-KONSERVASİYA, ELMİ-TƏDQİQAT, YENİDƏNQURMA VƏ ABADLAŞDIRMA İŞLƏRİ APARILIR
Son illərdə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə ölkə ərazində yerləşən bir çox abidələrin qorunması təmin edilib, əraziləri abadlaşdırılıb və yeni turizm marşrutları müəyyən olunub. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. Görülən işlərin davamı olaraq, dövlət başçısı "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şabran rayonunun ərazisində yerləşən, V-VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması məqsədi ilə sərəncamlar imzalanmışdır.
Göründüyü kimi, ölkə ərazisində olan qoruqlarda, tarixi ərazilərdə dövlət tərəfindən genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma - abadlaşdırma işləri aparılıb və bu iş bu gün də davam etdirilməkdədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarixi- mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılır.
Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə