Kürdəmir Regional Mədəniyyət İdarəsində "Nəsimi İli"

Bu il dahi şair Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan etmişdir. SİA-nın məlumatına görə, bu məqsədlə Kürdəmir Regional Mədəniyyət İdarəsi, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir rayon Təhsil Şöbəsi ilə birlikdə bir sıra kütləvi tədbirlər keçirməyi planlaşdırmışdır. İlk tədbir olaraq fevral ayında: “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq.” adlı qəzəl müsabiqəsi keçirilmişdir.

Aprel ayının 13-də Kürdəmir rayon Mədəniyyət Mərkəzində AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və rayon Təhsil şöbəsi ilə birgə “Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans keçirmişdir. Konfransı giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq İmadəddin Nəsiminin Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük söz ustaları içərisində diqqətəlayiq yer tutmasından danışmışdır.
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzusunda məruzə edərək İmadəddin Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin yüksək bədii estetik səviyyəyə malik poeziyasından danışmışdır.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə “Nəsimi yaradıcılığında inanclar sistemi və şairin ədəbi təsir dairəsi” mövzusunda məruzə ilə çıxış edərək dahi şairin Azərbaycan ədəbiyyatı tarixində məhsuldar və yeni mərhələ təşkil etməsi, eləcə də, türkdilli xalqların ədəbi inkişafında əhəmiyyətli və faydalı təsirindən söz açmışdır.

Kürdəmir rayon Famil Həşimov adına şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva, Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva çıxışlarında xalqımızın bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair Seyid İmadəddin Nəsiminin zəngin irsinin bu gün də gənclərin mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb etməsindən bəhs etmişlər.

Sonra professor Ş.Əlibəyli “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz. Bu quş dilidir, bunu Süleyman bilir ancaq.” devizi altında keçirilmiş qəzəl müsabaiqəsinin qalibləri Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova, 6 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Tünzalə Babayevaya, “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə Kürdəmir rayon Famil Həşimov adına şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva, Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayevaya,6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyevaya AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanını təqdim etmişdir.

Öz növbəsində Kürdəmir Regional Mədəniyyət İdarəsi və Təhsil Şöbəsinin rəhbərləri də qalibləri fəxri fərmanla təltif edilmişlər.

Konfransda təltif olunan şagirdlərin onlara uğur gətirən qəzəlləri söyləməsi alqışlara səbəb olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə