"Bu tele-opera gələcək nəsillərə töhfə olacaq" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operası əsasında tele-opera çəkilib. SİA-nın məlumatına görə, layihənin ideya müəllifi “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur. Layihə rəhbəri sözügedən layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım olduğunu bildirib: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısı Sərəncam imzalayıb. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının “Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək. Bu opera, müxtəlif illərdə bizim sənətkarlarımız tərəfindən ifa olunub. Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Mədəniyyət Nazirliyi, Akademik Opera və Balet Teatrının birgə layihəsi kimi reallaşan bu opera yüksək texnoloji avadanlıqla ilk olaraq lentə alınıb, HD formatla çəkilib. İfaçılara gəldikdə düşünürəm ki, tamaşanın dirijoru, Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyev öhdəsinə düşən məsuliyyətli və tarixi işin öhdəsindən uğurla gəlib. Tele-operanın quruluşçu rejissoru Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Sevil Hacıyevadır. Qərblə Şərqin sintezi, həmçinin aktyorların fərqli daxili dramaturgiyası tamaşaçılara aydın şəkildə açılır. Fürsətdən istifadə edib, bütün yaradıcı heyətə, bu layihənin gerçəkləşməsində əziyyəti olan əməkdaşlarımıza minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu tele-opera gələcək nəsillərə töhfə olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...