İsveçdə Azərbaycan teatrı fəaliyyətə başlayıb

İsveçin paytaxtı Stokholmda, burada yaşayan gənc azərbaycanlılardan ibarət “Tumurcuq” adlı teatr fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, yeni teatrın fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə, ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları, İsveçdə yaşayan diasporamızın fəalları və İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Tumurcuq” teatrının bədii rəhbəri Sevinc Nəzərli yeni yaradılmış teatrın mahiyyəti və qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, gələcək planlardan söz açıb. O qeyd edib ki, yeni teatr vətəndən uzaqda, İsveçdə yaşayan azərbaycanlı gəncləri və uşaqları milli mədəniyyətimizlə yaxından tanış etməklə yanaşı, yerli İsveç ictimaiyyətinə Azərbaycan incəsənəti və mədəniyyətini tanıtmağa köməklik göstərəcək. Teatrın İsveçdə artıq fəaliyyət göstərən türk teatrı ilə əməkdaşlıq etdiyini və diasporumuz tərəfindən dəstək aldığını bildirən Sevinc Nəzərli, məşqlərin hər həftə keçiriləcəyini və yeni təkliflərə açıq olduqlarını bildirib.

İsveçdəki Türk teatrının rəhbəri və rejissoru Burcu Ada Soysop, yaradılan yeni teatrın əhəmiyyətini qeyd edərək, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. O, İsveçdə ilk türk teatrının 50 il öncə yaradıldığını vurğulayıb.

Sonra “Tumurcuq” teatrının gənc aktyorları tədbir iştirakçılarına təqdim olunub. Çıxış edən gənc aktyorlar belə bir teatrın fəaliyyətə başlamasına görə, minnətdarlıqlarını bildirərək burada ana dilini və milli mədəniyyətimizi daha yaxşı tanımağa şəraitin yaradıldığını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə