“Məndə sığar iki cahan...” rəsm-müsabiqəsinin vaxtı uzadılıb

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən "Məndə sığar iki cahan..." adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb.

Nazirlikdən SİA-ya bildirilib ki, Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha geniş imkanın yaradılması barədə təkliflər nəzərə alınmaqla müsabiqə müddətinin uzadılması qərara alınıb.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini aprelin 19-dək ies@mlspp.gov.az ünvanına göndərə bilərlər. İştirakçıların rəsmləri qəbul olunduqdan sonra nazirliyin (sosial.gov.az) "Instagram" səhifəsində yerləşdiriləcək.

Müsabiqənin şərtinə görə qalibləri "Instagram" istifadəçiləri özləri müəyyən edirlər. İstifadəçilər ilk növbədə nazirliyin sosial.gov.az "Instagram" səhifəsini, sonra isə seçdikləri rəsm əsərini bəyənməlidirlər. Ən çox bəyənilən 3 rəsmin müəllifi mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə