“Min bir gecə”nin nümayişi olacaq

Aprel ayının 11-12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdur.

İki pərdəli baletdə “Kreml baleti” teatrının solistləri əməkdar artistlər və bir çox beynəlxalq müsabiqələr lauretları iştirak edəcəklər. Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Rusiyanın xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.

Qeyd edək ki, Rusiyanın xalq artisti, Dövlət mükafatı laureatı Andrey Petrovun 1990-cı ildə yaratdığı bu kollektivdə Rusiya baletinin bir çox istedadlı və tanınmış sənətçiləri, müxtəlif beynəlxalq müsabiqə və festivalların laureatları, balet ulduzları çalışırlar.

Saat 19:00-da başlayacaq tamaşanın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...