"Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artacaq" - AÇIQLAMA

Moskvada keçirilən “Azərbaycan: istirahət və biznes turizmi” seminarı çərçivəsində ölkəmizin “Yenidən fərqli baxışla bax” turizm brendinin təqdimatı olub. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkil etdiyi tədbirdə ölkəmizin 30 turizm şirkəti iştirak edib. Onlar 200-dən çox yerli turizm şirkəti ilə görüşlər keçirib, əməkdaşlıq əlaqələrini müzakirə edib.

Qeyd edək ki, Rusiya hazırda Azərbaycan turizmi üçün əhəmiyyətli ölkələrdən biridir. Azərbaycan Turizm Bürosunun Rusiya nümayəndəliyi yaxın vaxtlarda bu ölkənin böyük şəhərlərində, o cümlədən Moskvada, Sankt-Peterburqda və digər regionlarda respublikamızın turizm imkanlarının təqdimatını keçirməyi planlaşdırır.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt təqdimat mərasimində çıxış edərək bildirib ki, Azərbaycan Rusiya turistləri üçün ən populyar istiqamətlərdən biridir. O, Azərbaycan və Rusiyanın bir çox şəhərləri arasında birbaşa aviareyslərin açılmasını, dil məhdudiyyətinin olmamasını, vizasız gəliş-gedişin mümkünlüyünü iki ölkə arasında turizmin inkişafı üçün mühüm amillər kimi diqqətə çatdırıb. F.Zenqstşmidt deyib: “Mən Azərbaycanla tanışlığımın tarixçəsini danışmaq istərdim. Moskvada işlədiyim dövrdə, 2003-cü ildə ilk dəfə Azərbaycana gəldim. Əməkdaşlarımı bu səfərdə məni müşayiət etməyə çağıranda, heç kimi bu səfərə həvəs göstərmədi.Onlar düşünürdülər ki, Azərbaycan keçmiş sovet respublikasıdır və burada maraqlı heç nə ola bilməz. Nəticədə o zaman mənimlə Bakıya gələn dostlarım indi mütəmadi olaraq Azərbaycanda istirahət edirlər. Əlbəttə bu, 16 il əvvəl baş vermişdi. Bu dövr ərzində Azərbaycan çox dəyişib, daha da gözəlləşib”. O qeyd edib ki, 2018-ci ildə Rusiyadan Azərbaycana təxminən 900 min rusiyalı turist gəlib ki, bu da 2017-ci illə müqayisədə 5 faiz çoxdur. Turizm bürosunun rəhbəri Bakıda keçiriləcək Formula 1 Qran-pri yarışlarının və UEFA Avropa Liqasının final oyunun rusiyalı turistlər üçün maraqlı olacağını da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə