Xocalı Soyqırımının 27-ci ildönümü yad olunub - TƏDBİR

Ağstafa Regional Mədəniyyət İdarəsi Xocalı Soyqrımının 27-ci il dönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ağstafa rayon Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirdi.
SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı qurbanlarına həsr edilmiş sərgiyə baxış keçirdilər. Konfrans şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edildi.
İlk öncə Xocalı soyqırımı qurbanlarına həsr olunmuş film nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açdı. V.Qədirov Xocalıda baş verənlərin bəşəri cinayət olduğunu, Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildirdi.
Natiq ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin münaqişənin həllinə ədalətlə yanaşmadıqlarını, təcavüzə məruz qalan dövlətlə təcavüzkar dövlətə eyni münasibət göstərildiyini, bununla da Azərbaycana qarşı ikili standartlar tətbiq edildiyini qeyd etdi. V.Qədirov Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsini təmin etdiyini bildirdi.
Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi nəticəsində Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qaldığını, 2016-ci ilin 2-5 aprel savaşlarından sonra isə Ermənistanda hakimiyyət böhranı yarandığını, kriminal-xunta rejiminin hakimiyyətdən uzaqlaşdırıldığını bildirdi. V.Qədirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində bir çox xarici dövlətlərin, beynəlxalq təşkilatların və s. Xocalıda baş verənləri “soyqrım” kimi tanıdıqlarını vurğuladı.

Tədbirdə digər çıxış edən natiqlər, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, əməkdar müəllim, tarixçi İndira Vəliyeva, Ağstafa rayon Uşaq Musiqi məktəbinin direktoru Arif Əliyev, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Ağstafa MKS-nin əməkdaşı Günay Qədiməliyeva, Azərbaycan Dillər Universitetinin məzunu, gənc fəal Günay Məmmədli və s. Xocalıda körpələrə, qocalara, qadınlara divan tutulduğunu, amansız və ağılasığmaz işgəncələr verildiyini, misli görünməyən təcavüz həyata keçirildiyini bildirdilər. Beynəlxalq təşkilatların bu məsələdə passiv mövqe nümayiş etdirdiklərini, BMT-nin qəbul etdiyi 4 Qətnamənin kağız üzərində qaldığını, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ya birtərəfli fəaliyyəti nəticəsində işğalın və təcavüzün Ermənistan tərəfindən hələ də davam etdirildiyini, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumulduğunu qeyd etdilər.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması naminə həmrəyliyin, birliyin vacib olduğunu bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə