Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı olacaq. SİA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu ekran əsəri ötən il Ankarada Beynəlxalq Xocalı Simpoyzumunda nümayiş olunub. Tarixi - publisistik elmi kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı Soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.

Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlık Osmanlı arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.

Tədbir çərçivəsində eyniadlı sərginin açılması da nəzərdə tutulub. Sərgidə Azərbaycanın tanınmış rəssamları və heykəltəraşları Xalq rəssamı Xanlar Əhmədovun, Vaqif Ucatayın, Nazim Məmmədovun, Sahib Quliyevin, Vüqar Quliyevin, İslam Abdullayevin, Rahib Qarayevin, Aslan Rüstəmovun, Teymur Rüstəmovun, Mahmud Rüstəmovun, Nəriman Tağıyevin, Ləman Məmmədovanın Xocalı soyqırımına həsr edilmiş 60-dək əl işi nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə