İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib VİDEO

İstanbulda Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil edilib. SİA-nın Türkiyə bürosundan verilən məlumata görə, “Türkiyə-Azərbaycan Ortaq Miras” layihəsi əsasında İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutan konsert yüzlərlə tamaşaçı tərəfindən ayaq üstə alqışlanıb.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblının 80 üzvünün ifasında milli rəqslərimizlə yanaşı, “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış balet də təqdim edilib.

Hazar folklor dərnəyinin başçısı Nuran Acar açılış çıxışında bu kimi tədbirlərin yaxın zamanda işğal altındakı Qarabağda da təşkil edilməsini arzu etdiklərini dilə gətirdikdə salondakı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Rusiya Federasiyasının Xalq artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevin bədii rəhbəri olduğu ansamblın çıxışı 3 saatdan çox davam edib və Azərbaycan mədəniyyətinin gözəlliyini yüzlərlə tamaşaçı alqışlarla qarşılayıb. Çıxış edənlər bu konsertin uzun illər yadda qalacağına əminliklərini bildirib və ənənə halı almasını arzu ediblər. Rəqsin dünyanın hər yerində qəbul edilən ortaq dil olduğunu deyən çıxışçılar insanların öz tarixlərini, mədəniyyətlərini, kədərlərini və sevinclərini rəqslə ifadə etdiklərini bildiriblər.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun, İstanbul Böyükşəhər Bələdiyyəsinin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin əməkdaşları ilə yanaşı, Türkiyənin tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Namik Kemal Yıldırım

İstanbul

Bütün xəbərlər Facebook səhifəmizdə