Azərbaycanda qədim daş oyma sənəti TARİX

Bildiyimiz kimi, ibtidai insanların ilk yaşayış məskənləri daşdan olmuşdur. Qadınların ilkin bəzəyi ilkin qələm və lövhədə daşdan olmuşdur. İnsanda rəsm qabilliyyəti və estetik zövqün inkişafında da daş böyük rol oynamışdır. Əbəs yerə olmayaraq alimlər ən qədim bəzək və rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir.

Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə hələlik alimlərimiz Ordubad (Gəmi qayası), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizinin sahilindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

Məzmunu, bədiiliyi və çoxluğuna görə Qobustan qayaları üzərindəki təsvirlər diqqəti daha çox cəlb edir. Alimlərimiz burada ibtidai daş və metal alətlər vasitəsilə təsvir edilmiş üç mindən artıq insan, heyvan, məişət əşyaları, doğma xarakterli rəsmlər aşkara çıxarmışlar. Araşdırmalar göstərir ki, Qobustan qayaları üzərindəki təsvirlər icra olunduqları dövrdən asılı olaraq ölçü, kompozisiya və çəkilmə texnikasına görə bir-birinədən fərqlənir. Arxeoloqların fikrincə bu təsvirlərin ən qədimləri daş dövrünün axırlarından başlayaraq tunc alətlərin və silahların meydana çıxdığı dövr ərzində həkk olunmuşdur. Bu dövrə aid edilən rəsmlər həcminin böyüklüyü, sxematikliyi, real proporsiyalardan kənar vəziyyətdə icrası ilə fərqlənir.

Təsvirlər arasında ov səhnələri ilə əlaqədar rəsmlər və xüsusilə vəhşi öküz, maral, keçi şəkilləri çoxdur. Bu da təsadüfi deyildir, çünki Azərbaycanın ərazisində yaşayan ibtidai insanların həyatında ovçuluq mühüm yer tuturdu. Qədim insanların həyatında ov əsas yaşayış mənbəyi olduğu üçün təsvir olunan kompozisiyalarda da daim diqqət mərkəzində idi.

Arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallar göstərir ki, ilk orta əsrlərdə Azərbaycanda daşdan əvvəlki dövrlərdə olduğu kimi təkcə tikinti işləri və məişət əşyalarının düzəldilməsi üçün yox, hətta ən kiçik zərgərlik nümunələrinin bəzəyində də geniş istifadə edilirdi.

Bu əsrlərdə daş üzərində olan bəzəklər öz texniki icrası cəhətdən xeyli zənginləşsə də süjetli rəsmlərə, demək olar ki, təsadüf edilmir.
Bu əsrlərdə daş üzərində bəzəkləri əsasən, nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edirdi. Əsrin əvvəllərində yaradılmış daş bəzəkləri arasında biz yerli ənənələrlə bağlı nəbati naxışlara, X-XI əsrlərdə və sonralar, yəni islam dinin əhali arasında dərin köklər saldığı vaxtlar isə həndəsi naxışlara daha çox rast gəlirik.

İlk orta əsrlərə aid edilən daş bəzəklərindən danışarkən 1948-ci ildə Mingəçevirdə aparılan qazıntı işləri zamanı bir dini məbədin qalıqları arasında əldə edilmiş, elm aləmində alban kapiteli adını almış abidəni xüsusi qeyd etməliyik. Arxeoloqlarımız tərəfindən V-VI əsrlərə aid edilən bu abidə bizim üçün xüsusilə maraqlıdır, çünki onun üzərində olan ornamental kompozisiyaya sonralar el sənətimizin bir çox növlərində rast gəlirik.

Qabartma səpkisində yonulmuş bu abidənin yan üz tərəfində dik uzanan bir bitki ətrafında simmetrik səpgidə qurulmuş iki tovuz quşu fiquru təsvir olunmuşdur. Tovuz quşlarının hər ikisinin boyunlarından elə bil havada yellənən uzun baftalar asılmışdır. Bu detala xüsusi fikir vermək lazımdır, çünki alimlərin fikrincə ilk orta əsrlərdə bu baftalar simvolik məna kəsb edərək onu daşıyan quş və ya heyvanın müqəddəs olduğunu bildirirdi.

Tovuz quşunun keçmişdə müqəddəs sayılması, onun od və günəş ilahəsinin rəmzi olması halda çox maraqlı məlumatlar vardır. Hələ VII-VIII əsrlərdə Mərkəzi Asiyada yaşayan türk xaqanlarının qəbulunda olmuş əcnəbi səyyahlar bu quşu müqəddəs sayaraq ona siqayiş etdiklərini bildirmişlər.

Bu barədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin fikri də qiymətlidir. Nizami “İsgəndərnamə” poemasında Nüşabənin Bərdədəki sarayını təsvir edərkən bir neçə dəfə ipək parçalar üzərində salınmış tovuz quşları rəsmlərindən danışaraq onların türk xalqları arasında müqəddəs sayıldığını bildirir.

Təsvir etdiyimiz abidədəki tovuz quşları arasında uzanan bitki də bu nöqteyi-nəzərdən diqqəti cəlb edir.
Araşdırmalar göstərir ki, insanlar uzaq keçmişdə kainatın varlığını təmsil edən “su, od, torpaq və hava” kimi dörd təbii ünsürün məhsulu olan bitkiyə sitayiş etmişlər. Zaman dəyişdikcə bu, hər dövrün öz indeoloji və estetik xüsusiyyətlərinə uyğun olaraq müxtəlif forma və şəkillərdə olmuşdur. Məlum olduğu kimi keçmiş zamanlarda “Müqəddəs ağacı” palıd, zeytun, əncir, sərv ağacı, bəzən isə hətta adi çiçək və ya yarpaq da təmsil etmişdir.

Bitki müqəddəs xarakter daşıdığı üçün dekorativ-tətbiqi sənət növləri üzərindəki kompozisiyalarda həmişə diqqət mərkəzində olduğu. Bitki ətrafında simmetrik şəkildə verilən quş, heyvan, insan fiqurları isə adətə görə müxtəlif cinslərdən (erkək, dişi) olmalı idi.

Əldə olan materiallar göstəriir ki, ilk orta əsrlərdə daş üzərində oyma, cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkk etməklə bərabər xalq ustaları daşdan müxtəlif məzmunlu heykəllər də düzəldirdilər.
XV əsrdən başlayaraq memarlıq abidələrimizin bədii tərtibatında canlıları təsvir edən oymalara təsadüf edilmir. Bundan sonra, adətən gül-çiçək ornamentlərindən təşkil edilmiş bəzəklər təsvirli oymaları əvəz etməyə başlayır.

Daş üzərindəki təsvirli oymaların sıradan çıxmasına təkcə bədii üslubun dəyişməsi yox, memarlıq abidələrimizdə bu əsrdən başlayaraq rəngli kaşıların da geniş istifadə edilməsi təsir göstərir.

Bununla əlaqədar olaraq sonrakı əsrlərdə Azərbaycan ərazisində daş üzərində oyulmuş ən orijinal bəzək nümunələrinə biz daha çox məzarüstü daşlarda rast gəlirik.

Ümumiyyətlə, Azərbaycan ərazisində bir neçə qrup məzar daşlarına təsadüf edilir. Bunlardan yuxarı hissəsi düz, çatma, dairəvi, əmmamə formalı vertikal başdaşlarını, horizontal sənduqələri, at, qoç fiqurlu heykəlləri və s. göstərmək olar.

Qeyd etdiyimiz məzar daşları dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilirdi. Aydındır ki, dövlətli şəxslərin məzarı daha bəzəkli və zərif işlənilirdi.

Yerin iqlimindən, istifadə edilən materialından və ənənəsindən asılı olaraq Azərbaycanın ayrı-ayrı yerlərində məzar daşları müxtəlif formalarda və bəzəklərdə olurdu. Hazırda Azərbaycanda XVI-XVII əsr tarixli ən zərif və orijinal oyulmuş məzar daşlarına Abşeronda, Şamaxıda, Bərdədə, Laçında, Lerikdə, Naxçıvanda, Gəncədə və Qəbələ rayonunun Həzrə kəndində rast gəlmək olur. Bu məzar daşları üzərində biz böyük məharətlə oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta əsl mənada süjet xarakteri daşıyan kompozisiyalara da rast gəlirik. Bunlardan yalnız bəzək kimi deyil, dəfn olunmuş şəxsin cinsini, həyatını, peşəsini əks etdirən təsvir kimi də istifadə edilirdi. Məsələn, əksər məzar daşları üzərində gəncliyi, şücaəti göstərən qılınc, qalxan, at, qoç, qartala, hörmətli qoca bir şəxsin və ya ruhanin qəbir daşında təsbeh, rəhil, qadının məzar daşı üzərində isə iynə, sap, güzgü və qeyri rəsmlərə rast gəlirik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...