“Yurdumuza bahar gəlir” - MÜSABİQƏ

Xətai Sənət Mərkəzinin elan etdiyi “Yurdumuza bahar gəlir” rəsm müsabiqəsi davam edir. SİA-nın məlumatına görə, müsabiqəyə 17 yaşadək olan uşaqlar qatıla bilər.

Təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılacaq. Müsabiqəyə qatılan uşaqlar ad və soyadlarını, təvəllüd və əlaqə nömrələrini, habelə oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə, ən çoxu üç işinin fotosunu Xətai Sənət Mərkəzinin 051 310 74 01 nömrəsinin “WhatsApp” ünvanına göndərməlidir. Sonda Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC), Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə