Nazir Koventri Universitetində çıxış edib - Mühazirə

Birləşmiş Krallığa səfəri çərçivəsində nazir Əbülfəs Qarayev Koventri Universitetini də ziyarət edib. Universitetin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzində qurumun icraçı direktoru Professor Mayk Hardi ilə görüşən nazir “Bakı Prosesi” çərçivəsində həyata keçirilən layihələr və qarşıdan gələn 5-ci Ümudünya Mədəniyyətlərarası Dialoq Forumunun proqram və müzakirə konsepsiyası ətrafında fikir mübadiləsi aparıb. Nazir professor Hardiyə son 6 ildə “Bakı Prosesi”nin inkişafında akademik səviyyədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi və Mərkəzin dünya miqyasında dialoq və anlaşma yollarını araşdırmaqda mühüm rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Daha sonra nazir Universitetin İncəsənət və Humanitar Elmlər Fakültəsini ziyarət edib. Fakültənin rəhbər heyəti ilə görüşən nazir teatr, musiqi və digər incəsənət sahələri ilə yanaşı əsasən yaradıcı sənayelərin inkişafı ilə bağlı sahələrdə təhsil məsələləri ilə maraqlandığını qeyd edib. Universitet nümayəndələri bildirib ki, hazırda bu təhsil müəssisəsində dizayn, moda, mədəniyyət menecmentliyi ilə bağlı təhsil proqramları mövcuddur və həmin sahənin tələbələri təhsil prosesi ilə yanaşı şəhərin inkişaf, müxtəlif şirkətlərin layihələrini də icra edirlər. Koventri şəhərinin Boyük Britaniyanın 2020-2021-ci illər üçün mədəniyyət şəhəri seçilməsi və bu istiqamətdə keçirilən tədbirlərin təşkilində şəhər şurası, universitet və özəl sektor arasında birgə tərəfdaşlıq mövcuddur və tələbələr bu prosesdə olduqca aktiv iştirak edirlər. Hətta, “Land Rover” və “Yaguar” kimi avtomobil şirkətləri öz dizayn proseslərinə universitetin tələbələrini cəlb edirlər. Görüşün sonunda birgə əməkdaşlıq üçün qısammüddətli proqramın hazırlanması qərar alınıb.

Eyni gündə nazir Əbülfəs Qarayev universitetin fəxri doktoru və ziyarətçi professoru kimi, həmçinin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin sədri qismində tələbələr qarşısında “Dəyişikliklər və münaqişə dövründə mədəniyyəti qoruyaq: İnsan təhlükəsizliyi üçün mədəniyyət və irsin dəyərləri və ənənələrinin əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış etməyə dəvət olunub.

Nazir çıxışı zamanı müasir dövrdə mədəni proseslər, münaqişə və müharibələrin mədəni irsə təsirləri, xüsusilə Qarabağ münaqişəsi zamanı Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, YUNESKO-nun bu istiqamətlərdə fəaliyyəti, Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü və bu çərçivədə həyata keçirilmiş layihə və beynəlxalq tədbirlər, mədəniyyətlərarası dialoqun insan təhlükəsizliyi amili ilə bağlılığı kimi mövzulara toxundu. Mühazirə nazir ilə tələbələr arasında sual-cavab formasında müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...