Türkmən xalçaları və zərgərlik məmulatları Bakıda SƏRGİ

Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə təşkil olunub. Sərginin açılışından öncə Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova deyib ki, sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Bildirilir ki, sərgidə xalis yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim edilir. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının tarixini, onun fəlsəfəsini və dünyagörüşünü əks etdirir.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva iki ölkə arasında mədəni əlaqələrin inkişafından söz açıb. Türkmən xalçalarının özünəməxsusluğundan bəhs edən nazir müavini, sərginin kiçik bir hissəsində türkmən sənətkarlığına məxsus olan milli zərgərlik məmulatlarına da yer ayrılıb. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və səlis ornament xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. Qədim zamanlardan bəri insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən daş hesab edilən əqiq qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir.

Türkmənistan Milli Xalça Muzeyinin direktoru Maya Aşirova ölkəmizdə məmnunluğunu ifadə edərək türkmən xalçalarının və milli zərgərlik məmulatlarının Bakıda sərgilənməsini ölkələr arasında qarışlıqlı mədəni əlaqələrin inkişafının göstərici olduğunu deyib.

Qeyd edilib ki, bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üsulu tarixin dərinliyinə gedib çıxan sancaq, bilərzik, sırğa və üzüklər daxildir. İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı “Ak oy” adlı xüsusi olaraq quraşdırılmış türkmən alaçığı sərgiyə milli kolorit bəxş edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə