"Nəsimi ili" Özbəkistanda qeyd olunacaq - Silsilə tədbirlər

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Nəsimi ili” ilə bağlı silsilə tədbirlər keçirəcək. Mədəniyyət Mərkəzi tərəfindən şairin qəzəllərinin özbək dilinə tərcümə olunması və nəşrini həyata keçirilməsi də nəzərdə tutulur. Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığına da böyük maraq olduğunu qeyd edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bununla əlaqədar Azərbaycan və özbək alimlərinin, ədəbiyyatşünaslarının iştirakı ilə Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm” adlı beynəlxalq elmi konfransın, İmadəddin Nəsimiyə həsr edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin keçiriləcəyini söyləyib.

Müsabiqənin şərtlərinə əsasən, Azərbaycan və özbək şairlərinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanacaq. Əsərlər hər iki dilə tərcümə olunaraq toplu kimi çap ediləcək. Hər ölkədən qalib olan iki şairə mükafatlar təqdim olunacaq.

AMM-nin təşəbbüsü, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitəti, “Kitab dünyası” qəzetinin iştirakı ilə “Canımı qıldım fəda” adlı təntənəli poeziya axşamının keçirilməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə