Birinci vitse-prezidentin yaddaqalan Gəncə səfəri Təhlil

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünən ziyarət etdikləri Gəncə səfəri yaddaşlarda səmimi və yaddaqalan izlər buraxıb.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilk öncə ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.Daha sonra Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb. Sonra Gəncədə “İmamzadə” dini kompleksi ziyarət edilib. Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyini bildirib. Mehriban Əliyevaya və Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olublar. Ev-muzeyinin direktoru İradə İbayeva muzey və onun nəzdində elmi-ədəbi tədqiqat şöbəsinin Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə ehtiram əlaməti olaraq yaradıldığını bildirdi. 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.

Qeyd edək ki, Mir Cəlal Paşayevin ev-muzeyinin Gəncə şəhərində fəaliyyət göstərməsi təsadüfi deyil. Çünki o, Cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çıxarıb. Ədib həmişə Gəncəni sevib və doğma şəhəri bilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı xronoloji ardıcıllıqla muzeyin ekspozisiyasında əksini tapıb. Hazırda eksponatların sayı 300-dən artıqdır. Muzey kompleksində 2009-cu ilin aprel ayında elmi-ədəbi tədqiqat şöbəsi fəaliyyətə başlayıb. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına xidmət edir. Mir Cəlal Paşayev muzey kompleksində mütəmadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüşlər, konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və digər ədəbi-bədii tədbirlər keçirilir. Muzey fəaliyyətə başladığı gündən şəhər əhalisinin, tələbə və şagirdlərin ziyarətgahına çevrilib.

Bundan başqa, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər. Uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirdi. Qeyd edildi ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub. Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış olub, müəssisənin azyaşlı sakinləri ilə görüşüb. Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlanıb.

Daha sonra Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbə baxış olub. Məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyacı olduğunu bildirib. 1965-ci ildən istismarda olan məktəbdə tədris Azərbaycan və rus bölmələrində aparılır. 39 sinifdən 28-i Azərbaycan, 11-i isə rus bölməsinə aiddir. 640 yerlik məktəbdə hazırda 795 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 61 məzun bitirib və onlardan 20-si Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb. Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verilib ki, əsaslı təmir işlərindən sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək və məktəb birnövbəli iş rejiminə keçəcək.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüblər. Qeyd edək ki, Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan “Xan bağı”nda aparılan yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb. “Xan bağı” bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınıb, yay teatr binası, müxtəlif istirahət guşələri yaradılıb. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr quraşdırılıb.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə