Səməd Vurğun Poeziya Mərkəzi yaradılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin (BŞMBİ) Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialında dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbirdə BŞMBİ-nin dəstəyi ilə yaradılmış Səməd Vurğun Poeziya Mərkəzinin təsis olunması barədə məlumat verilib. Mərkəzin rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı XX əsr Azərbaycan poeziyasında müstəsna yeri olan Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığından söhbət açıb. Böyük şairin ədəbi məktəb yaratdığını bildirən natiq, ondan sonra Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Əlağa Kürçaylı, Məmməd Araz, İsa İsmayılzadə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub və digər parlaq simaların yetişdiyini bildirib.

Qeyd edib ki, ölkəmizdə şairin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə ehtiramla yad edilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şairin ev-muzeyi açılıb, Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” 2011-ci il 13 dekabr tarixli Sərəncamına əsasən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib.

Tədbirdə Tehrandan gəlmiş qonaq Mehnaz Xadim, Təbrizdə nəşr olunan “Mişov dağı” toplusunun təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, kitabxananın direktor əvəzi Hilanə Babayeva və başqaları çıxış edərək şairin yaradıcılığının əsasında Vətənə, torpağa sevgi, xalqına məhəbbət, dövlətə xidmət və layiqli vətəndaş mövqeyi təbliğ olunduğunu söyləyiblər. Bildirilib ki, dövrünün böyük ziyalılarından biri olan Səməd Vurğun yaşadığı mühitin görkəmli simaları ilə şəxsi münasibəti sayəsində Azərbaycan ədəbiyyatını keçmiş SSRİ məkanında və bütün dünyada yorulmadan təbliğ edib. Onun yaradıcılığı bu gün də dünya xalqları tərəfindən sevilir və təbliğ olunur. Poeziya ustasının şeirlərinin hər sətrinin arxasında azadlıq sevgisi ifadə olunur. Həmçinin onun çoxsaylı poemaları, dram əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.

Sonra şairin əsərlərindən ibarət “Deyilən söz yadigardır” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...