2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayı 175% artaraq 40.000 nəfərə çatıb. Bu haqda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib.
Florian Zenqstşmid Azərbaycanın turizm imkanları haqqında danışaraq son illərdə hindistanlı turistlərin Azərbaycana daha çox maraq göstərdiyini vurğulayıb.
O, qeyd edib ki, Hindistan Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkədən biridir. Hindistan bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirən F.Zenqstşmid Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumatın daha yaxşı çatdırıla biləcəyini deyib.
Müasir tikililər, müxtəlif restoranlar, ticarət mərkəzləri, Xəzər dənizi sahili, palçıq vulkanları, təbii parklar, gözəl təbiət, 9 fərqli iqlim tipi, Naftalanda müalicəvi neft və ən əsası təhlükəsizlik və müasir dünyagörüşlü insanlara malik olması kimi amillər Azərbaycanı mütləq ziyarət edilməli olan yerlər sırasına daxil edir. Azərbaycan təbiətində kəşf olunmamış gözəlliklər gizləndiyini qeyd edən F.Zenqstşmid ölkə boyunca gəzdikdə hər an fərqli yeniliklərlə tanış olmaq şansından, eləcə də dadlı Azərbaycan mətbəxindən bəhs edib.
Baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasıdır. Belə ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər. O əlavə edib ki, Azərbaycana hal-hazırda əsasən Körfəz ölkələri üzərindən uçuşlar həyata keçirilsə də, gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.
F.Zenqstşmid Azərbaycan və Hindistan xalqının ümumi mədəni və tarixi dəyərlərə malik olduğunu, hindli turistlər üçün “Atəşgah” məbədinin də daxil edildiyi xüsusi turların təşkil olunduğunu, paytaxt Bakıda tarixilik və müasirliyinin vəhdət təşkil etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun rəhbərliyi ilə 16-18 yanvar tarixində Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə