Sən böylə yaşadın, sən böylə gördün... - Novruz Novruzlu - ÖZƏL - İTHAF
Sən böylə yaşadın, sən böylə gördün... Bu mahnını necə də ürəkdən ifa etmişdi Novruz Novruzlu. Bütün ifalarında musiqiyə can verirdi, yaşayırdı yenidən... Aktyor, böyük istedad sahibi, dininə, yurduna, əxlaqına ürəkdən bağlı olan insan... Yaxşı dost, qəlbi, ruhu gənc insan, eyni zamanda dünyagörüşlü bir ağsaqqal, bir ustad, bir dərviş... Və daha neçə-neçə dəyərləri içində yaşadan əsl Azərbaycan övladı, əxlaqlı, ziyalı insan!
O, Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. İfa etdiyi musiqilər insanın ruhunun qidasına çevrilirdi. "Allahdan gəldik, Allaha dönəcəyik” - Novruz Novruzlunun oxuduqlarında verilən ilahi mesajı idi. Onun dünyanı cismani tərk etməsi ən çox ailəsini, dostlarını yandırdı. Çünki hamı bir dost itirdiyini bilirdi. Onu evindən son mənzilə yola salanda da, dünən xatirəsinə həsr onunan gecədə də ölümünə inanmırdım. Həyatını dolu-dolu, mənalı, şam kimi yana-yana yaşayan gözəl insan, gözəl sənətkar aramızdan nə tez gedə bilərdi... Heç getmədi də.. Novruz Novruzlu bizimlədir: səsi qulağımızda, ifası qəlbimizdə, səmimiyyəti gözlərimizn önündə..
Bəlkə yaşadığı zamanda dəyəri o qədər də bilinmədi, lakin onu sevən insan ordusu sübut etdi ki, onun fəxri adı, qazandığı ən uca zirvə elə bu sevgidir. Onu tanıyanların, dost-tanışların Novruza bəslədiyi böyük sevgi...
O, yaddaşlarda qaldı: səmimi söhbətləri, nurlu siması, dostca davranışı və ədəbi ilə... Elə dediyi bu cümlələrdə yada düşdüyü kimi: "Mövlana həzrətləri deyir ki, Allaha gedən çox yol var. Mən o musiqilərin içərisində səmavi musiqini seçdim. Musiqinin ahəngində elə bir sirr var ki, açsam, dünya alt-üst olar. Musiqi həm cismin, həm də ruhun qidasıdır. Biz Mövlana tədbirlərində həm çıxış, həm də tamaşaçı kimi iştirak etmişik. İtalyanların, amerikanların və digər xalqların nümayəndələrinin iki saat gözlərini yumub öz daxili aləmlərinə varmalarının şahidi olmuşuq. Ancaq bizdə o daxili aləmə varmaq yoxdur. Çünki içimizdə o hüzn, rahatçılıq yoxdur. Hərdən fikir verirəm ki, ən səbirli adam belə, beş dəqiqədən sonra zalda danışmağa başlayır. Öz içinə vara bilmir. Bu məsələdə efirlərin də böyük rolu var".
"Əvvəllər ilahi musiqilər oxuyanda deyirdilər ki, bu heç kimə lazım deyil, normal musiqi ifa edin, dinləyək. Bizim bu mövzuya müraciət etməyimiz 20 Yanvar hadisələrindən sonra oldu. Gördük ki, o hadisələrdən sonra şən musiqilər ifa etmək içimizdən gəlmir. Musiqiçilərlə bir araya gələndə də qrup yaratmaq niyyətimiz yox idi. Bir gün məşq edirdik. Nadir Axundov gəldi, bizi dinlədi, sonra dedi ki, efirə çıxın və az əvvəl ifa etdiyiniz mahnıları orada da ifa edin. Dedik ki, biz efir üçün hazır deyilik. Bildirdi ki, siz efir üçün tam hazırsınız. Daha sonra bir-birinin ardınca efirlərə və mətbuata çıxmağa başladıq. Və illər ötdükcə, müxtəlif ölkələrdə konsertlərdə olduq. Hollandiyada, Amerikada, Türkiyədə tədbirlərə və bir çox festivallara dəvət aldıq, onların bəzilərində iştirak etsək də, müəyyən səbəblərdən bir çoxunda iştirak edə bilmədik.
"Elm, elm deməkdir,
Elm kəndini bilməkdir,
Sən kəndini bilməzsən,
Bu neçə oxumaqdır?”
- Oxumağın mənası kişi haqqı bilməkdir.
Çün oxudun bilmədin, bu quru bir əməkdir.
" İnsan istər müğənni, istər nazir, istər çoban ola bilər. Ancaq iç aləmində gedən bir yol var. Söhbət ondan gedir. Bu, insanlığın, yaşamın sistemidir. Sadəcə fərqində olmaq lazımdır ki, hardan gəlmişik, niyə gəlmişik və hara gedəcəyik. Buna hazırlaşmaq lazımdır. Atalarımız deyib ki, insan düşüncələrinin məhsuludur. Yəni insan düşüncələrində nədirsə, odur. Ondan başqa bir şey deyil. Ona görə içinə baxmalıdır ki, nə düşünür, necə düşünür, nə görür. Gözəl görürsə, nə gözəl! Yunus Əmrə həmin ifadələrində bunları deməyə çalışır".
"Mən çox istəyərdim ki, efirlərdə İslamın gözəl tərəfi təbliğ olunsun. İnsanlar bilsinlər ki, İslam nədir. Bilmədiklərinə görə lazım olmayan təriqətlərə düşürlər, yalana uyurlar. Qrupumuz təsəvvüf qrupudur.Əsas insanın könlünə, ruhuna, iç dünyasına, varlığına söykənir musiqilərimiz. Çalışırıq ki, oxuduqlarımıza layiq olaq. Biz Mövlana həzrətlərindən, Yunus Əmrədən, Füzulidən mahnılar səsləndiririk. Bunlara dindar demək olmaz. Düzdür, bunların hamısı peyğəmbərin vəsfi ilə başlayır. İslam dini bizim başımızın tacıdır. Bu, bilgisizlikdən irəli gəlir. Diqqət etsələr, görərlər ki, bizim ifa etdiyimiz mahnıların ətri, dadı, rəngi tamam başqadır. Bəlkə də informasiya olmadığından məlumatsızdırlar. Biz bütün insanları sevirik. Mövlana həzrətləri deyir ki, "Gəl yenə gəl. İstər atəşə tap, istər buta. Yüz kərə tövbə etmiş ol. İstər yüz kərə pozmuş ol tövbəni, Yenə gəl. Umudsuzluq dərgahı deyil bizim dərgahımız”. Görürsünüz ki, o, insanlar arasında fərq qoymur. Deyir, yetər ki, özünə gəl, insanlığını anla, dünyaya nə üçün gəldiyinin fərqində ol. Allahın yaratdığı ən gözəl varlıq, kainatın şahı insan olmağının fərqində ol"...
Bütün xəbərlər Facebook səhifəmizdə