Gənc rəssamlar müsabiqəyə qatılır -MÜSABİQƏ

“Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm müsabiqəsi elan edib. SİA-nın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşan müsabiqədə hər kəs iştirak edə bilər.

Qeyd edək ki, yağlı boya janrında olacaq əsərlərin ölçüsü 50x70-dən az olmamalıdır. İştirakçılar əsərlərinin ölçüsünü, fotosunu (kiçik ölçüdə), rəssamın adını və əlaqə nömrəsini qeyd edərək martın 30-dək sergi@artscouncil.az elektron ünvana göndərə bilərlər.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Apreldə müsabiqənin yekunu olaraq seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur. Sərginin kuratoru Türkan Cəfərzadədir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə