Əbülfəs Qarayev səfirləri qəbul edib - DƏVƏT

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. SİA-nın məlumatına görə, yanvarın 21-də keçirilən Səudiyyə Ərəbistanının səfiri Hamad Abdulla Khudairlə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıldı.

2019-cu ildə Səudiyyə Ərəbistanında və Azərbaycanda İslam Mədəniyyət Həftəsinin keçiriləcəyini xatırladan nazir bu tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaradacağını qeyd etmişdir.

Daha sonra nazir Əbülfəs Qarayev Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradzeni qəbul etdi. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq, ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində həyata keçirilə biləcək tədbirlər və hər iki ölkədə təşkil olunan beynəlxalq tədbirlərdə iştirak məsələləri müzakirə edildi.

Nazir keçirilən görüşlər zamanı hər iki qonağı 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə