25 yanvar, 2019-cu il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi ölkəmizin görkəmli kino və teatr artisti, mərhum Ofeliya Aslanın 80 illik yubileyinə həsr ediləcək.
SİA-nın məlumatına görə, səhnə əsərində rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlov ifa edəcəklər.Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktrisanın yaradıcılıq yolu barədə çıxış edəcək.
Özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanan, sevilən aktrisa bu tamaşada həyat yoldaşı – böyük gülüş ustası Səyavuş Aslanla (Vəli) tərəf-müqabili olmuş, Telli rolunu ifa etmişdir.
Qeyd edək ki, Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakı şəhərində, sənətkar ailəsində dünyaya göz açıb. Atası - Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası – Xalq rəssamı Bədurə Əfqanlı ilk azərbaycanlı qadın teatr rəssamı olub. Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa kimi çalışan O.Aslanın 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Komediya aktyoru” fakültəsini bitirdikdən sonra Musiqili Teatrda ilk rolu “Durna” komediyasında (Lalə) olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaratmış, “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilmişdir. O, teatrın truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş SSRI-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Ana mən evlənirəm” əsərində Bibixanım rolunu ifa etmişdir. Ofeliya Aslan 18 may 2010-cu ildə 71 yaşında vəfat etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə