Görkəmli bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür. O, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. “Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.

Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.

Bəstəkarın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı gənc ifaçı Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə ifa edilib.

Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib,

Xalq artisti və "Şöhrət" Ordeni ilə təltif onunan bəstəkar ikinci Fəxri Xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə