Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ hələ 100 il öncə verilib. Bu münasibətlə, silsilə tədbirlər çərçivəsində ölkəmizin Fransadakı səfirliyi və Azərbaycan-Fransa Dialoqu Assosiasiyası (ADFA) tərəfindən Lion şəhərində muğam axşamı təşkil edilib.

SİA-nın məlumnatına görə, tədbirdə səfirliyin müşaviri Vaqif Ağayev çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən (AXC), ötən il onun 100 illiyinin bütün dünyada təntənə ilə qeyd edilməsindən danışıb. Bildirib ki, hələ 100 il əvvəl AXC bir sıra Avropa ölkələrindən çox əvvəl qadınlara seçmək və seçilmək hüququ verib.

Muğam şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsi olduğunu deyən müşavir bildirib ki, bu janr xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyətimizin, musiqimizin, xüsusilə də muğamın beynəlxalq səviyyədə təşviqinə, muğam ifaçılığının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə verdiyi töhfələri diqqətə çatdırılıb. Vurğulanıb ki, Heydər Əliyev Fondu mədəni irsin qorunub saxlanması istiqamətində beynəlxalq səviyyədə mühüm layihələr həyata keçirib.

Mədəniyyətimizin təşviqinə dövlət qayğısından danışan V. Ağayev Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini də diqqətə çatdırıb.

Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova konsertin Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edildiyini söyləyib. Muğam və onun dəsgahları haqqında məlumat verən G.Səfərova improvizasiyalardan ibarət olan bu musiqinin çox mürəkkəb olduğunu, ifaçıdan son dərəcə yüksək yaradıcılıq tələb etdiyini bildirib.

Sonra Əməkdar artistlər Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə