“Edam günü” mükafata layiq görülüb

“Edam günü” tammetrajlı bədii filmi “Capital Filmmakers Festival – Madrid” Film Festivalının mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olacaq: “Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etmişəm”. O, əlavə edib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”.

Filmin baş rollarına Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Quruluşçu operatoru isə Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir. Ekran əsəri son beş ayda 8 beynəlxalq festivalın qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə