Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşalar FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrında son vaxtlar bir birindən maraqlı, asudə vaxtın səmərəliliyinə və bədii estetik zövqün formalaşmasına xidmət edən tamaşalar hazırlanır. SİA teatrdan verilən xəbərə görə, kiçik yaşlı uşaqları da nəzərə alan yaradıcı heyət onların yeni il tətilinin maraqlı və yaddaqalan keçməsi üçün şən, şux, əyləncəli karnaval tamaşası hazırlayıb. Bu gün "Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşaya daxili baxış keçirilib. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov öncə yaradıcı heyəti təbrik edib. Mövzu aktuallığı, karnaval prinsiplərinin gözlənilməsi və tempo-ritm baxımından uğurlu cəhətləri qeyd edib. Amma bəzi oyunçulara balaca tamaşaçılarla ünsiyyətin səmimi alınmasından ötrü pafosdan qaçmağı tövsiyə etdi və tamaşanın ayrı ayrı məziyyətlərini vurğulayıb. Həmçinin yeni yaradılmış məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri təəssüratlarını yaradıcı heyətlə bölüşüb.

Qeyd edək ki, yeni il tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı Alya Osmanova, rəssamı Nizami Dadaşovdur Rəqslərin quruluşu Ceyhun Dadaşova məxsusdur. Rollarda əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Sevda Süleymanlı, Sevda Hüseynova, İlahə Səfərova, Elay Xasıyev oynayırlar.

Balaca tamaşaçılar "Çeburaşkanın Yeni il sərgüzəştləri" ilə dekabrın 27-dən, 2019-cu il yanvarın 3- nə qədər tanış ola biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə