“Ölüm həsrəti” tamaşasının premyerası olacaq

İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 25-də Rus Dram Teatrının səhnəsində yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında hazırlanmış “Ölüm həsrəti” tamaşasının premyerasını təqdim edəcək. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmirulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış edəcək.

Tamaşa ilə bağlı fikirlərini bölüşən teatrın direktoru, şair-dramaturq İftixar Piriyev bildirib ki, İrəvan teatrı həmişə milli-vətənpərvərlik mövzularını diqqətdə saxlayıb: “Xocalı soyqırımı nəticəsində erməni əsirliyində amansız işgəncələrə məruz qalan azərbaycanlı qadının həyat dramını əks etdirən “Ölüm həsrəti” pyesi isə teatr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib. Əsər pyesin ideya və məqsədini aydın şəkildə tamaşaçıya çatdıra bilir. “Xocalıya ədalət!” sülh çağırışıdır. Biz də öz tərəfimizdən sülhsevər dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, Azərbaycan xalqı olaraq yaşadığımız bu soyqırımın bir daha dünyanın heç bir yerində təkrar olmasına yol verilməsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə