Tahir Salahovun əsərləri dünya təsviri sənətinin inciləri sırasında FOTOLAR

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi açılıb.

SİA-nın məlumatına görə, görkəmli fırça ustasının rənglər dünyası ilə tanış olmaq üçün hər gün Bakı Ekspo Mərkəzinə cəmiyyətin müxtəlif təbəqəsindən ziyarətçilər gəlir və xoş təəssürat alırlar. Sərgi ilə bağlı təəssüratlarını bölüşən Bakı şəhər sakini Vaqif Nəsirov görkəmli rəssamın yaradıcılığından yüksək zövq aldığını bildirib: “Tahir Salahov böyük rəssamdır. Mən Tahir müəllimi şəxsən tanıyıram. Gənc yaşlarımdan onun əsərləri ilə maraqlanmışam. O, həqiqətən də, xalqına, millətinə layiqli insandır. Onun əsərlərinə baxdıqda dərin məna, yüksək sənətkarlıq müşahidə edirik. Bu sənət nümunələrində insan taleləri timsalında dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. Bu gün biz də özümüzə borc bildik ki, gəlib bu sərgini ziyarət edək. Sərgidə nümayiş olunan hər bir əsər möhtəşəmdir. Burada bütün əsərlər özünəməxsusluğu və cəlbediciliyi ilə insanı məftun edir. Biz Tahir Salahovun simasında xalqımızın bütün görkəmli şəxsiyyətləri ilə qürur duyuruq”.

Sərgini rəhbəri odluğu 10 nömrəli Uşaq musiqi məktəbinin kollektivi ilə birgə ziyarət edən Qafar Nuriyev görkəmli rəssamın əsərləri ilə bağlı bildirib ki, Tahir Salahov bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizdə yeni səhifələr açıb: “Tahir müəllim milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri ilə Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandırıb. O, xalqımızın dahi sənətkarlarındandır. Yaradıcılığında görkəmli şəxsiyyətlərimizin obrazı hər zaman ön planda təqdim edilir. Sərgiyə baxdıqda da bunun bir daha şahidi oluruq. Onun mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirləri təlqin edir. Ekspozisiyada yer alan ulu öndər Heydər Əliyev, Rəsul Rza, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Mirzə Ələkbər Sabir kimi görkəmli şəxsiyyətlərin portretinə baxdıqda mənəvi zövq aldım. Bu əsərlərin hər birinin özünəməxsus yüksək dəyərləri var. Sərginin təşkilində əməyi olan hər kəsə, xüsusilə dövlətimizin başçısına təşəkkür edirik”.

Ruhulla Axundov adına Mədəniyyət evinin rejissoru Vəfa Rəfiyeva qeyd edib ki, Tahir Salahovun Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərləri bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. Həmin əsərlərdən bir qisminin bu gün Bakıda nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir. Vəfa Rəfiyeva söyləyib ki, görkəmli rəssamın mühüm mədəni hadisəyə çevrilən fərdi sərgiləri Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğində böyük rol oynayır: “Bir yanda sıralanan əsrarəngiz orijinal portretlər, digər tərəfdə onların xalçalar üzərinə həkk edilmiş sürəti bizi valeh etdi. Bu gün onun əsərlərinin canlı şahidi olmaq mənim üçün böyük xoşbəxtlikdir. Burada hər şey möhtəşəmdir. Ümumiyyətlə, ekspozisiya gözəl təşkil olunub. Bizə belə bir şərait yaratdığı üçün təşkilatçılara təşəkkür edirik”.

***

Bəli, Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasında qərarlaşır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Rəssamın sərgidə yer alan hər bir əsəri önündə xeyli düşünməli olursan. Bu səbəbdən də onun sərgisi həmişə bir mədəniyyət hadisəsinə çevrilir. İnsanlar Tahir Salahovun əsərlərinə baxmaqdan doymur və ona olan sonsuz sevgilərini ifadə etməkdən yorulmurlar. Buna görə də sənətkarın yaradıcılığına olan sonsuz sevgi yüzlərlə insanı Bakı Ekspo Mərkəzində bir araya toplayır.

Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur. Dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alır. Sərgidə təqdim olunan fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir. Burada sərgilənən “Heydər Əliyevin portreti”, “Qədim Bakı”, “Vyana stulu ilə natürmort”, “Fikrət Əmirovun portreti”, “Mirzə Ələkbər Sabirin portreti”, “Rəsul Rzanın portreti” və daha neçə-neçə peyzaj və natürmortlar diqqəti xüsusilə cəlb edir.

Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Böyük sənətkar haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edilir. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə