Admiral Cəlil Cavadovun 100 illiyi təntənəli şəkildə qeyd ediləcək

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk admiralı Cəlil Cavadovun (1918-1980) 100 illiyinə həsr olunmuş “Admiral Cəlil Cavadovun həyat, döyüş və xidməti yolu” adlı təntənəli tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinin, Azərbaycan Hərb Tarixi Muzeyinin, həmçinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının, bir sıra dövlət arxivlərinin, muzeylərin, elmi idarələrin əməkdaşlarının, eləcə də hərb tarixçilərinin və admiralın ailə üzvlərinin iştirakı gözlənilir.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin 50-dən artıq eksponatı əsasında hazırlanmış və admiralın həyat yolunu əks etdirən sərgi, həmçinin “İlk admiralımız” adlı uşaq rəsmlərindən ibarət sərgi nümayiş etdiriləcək. Cəlil Cavadovun həyatı və döyüş yolu barədə çıxışlar dinləniləcək, cəsur admiralımıza həsr olunan “Donanmanın əfsanəsi” filmi nümayiş etdiriləcək.

Tədbirdə Müdafiə Nazirliyi tərəfindən çap edilmiş “Admiral Cavadov. Həyatı və döyüş yolu” kitabı oxuculara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə