Tarixi Muzeyində Mehdi Hüseynzadənin xatirəsi anılıb

Bu gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezidenti İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. “Mixaylo”nun İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətlərindən danışan akademik yetişməkdə olan gənc nəslin Vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmaları üçün Mehdi kimi qəhrəmanları onlara örnək göstərməyi özünə borc bildiyini qeyd edib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək dövlətimizin başçısının veteranlara, şəhid ailələrinə qayğısından danışıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında M.Hüseynzadənin mühafizə olunan rəsm və eskizləri, qəhrəmanın incəsənət duyumu, fitri istedadı barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbirə dəvət olunan qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov çıxış edərək, M.Hüseynzadənin xatirəsini yad etdiklərinə görə muzeyin rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.

Tədbir iştirakçıları M.Hüseynzadənin muzeydə qorunan şəxsi əşyalarından ibarət sərgi və Azərbaycan hərb sənətinə aid nəşrlərlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə