Üzeyir Hacıbəyli məktəbinə həsr olunmuş elmi-praktiki seminar keçirilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli və onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi-praktiki aspektdən yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova açaraq Azərbaycanın professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığında və milli musiqi mədəniyyətimizdəki müstəsna xidmətlərindən danışıb. Sonra isə professor G. Abdullazadə də dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi, təkrarsız yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. Seminarda həmçinin Xalq artisti Ramiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov, dosent Nuridə İsmayılzadə, BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli çıxış ediblər.

Tədbir Xalq artisti Ramiz Quliyevin xalq çalğı alətində Üzeyir Hacıbəyli yaradıcılığından seçilmiş rəqs nümunələrinin ifası ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə