Nazir müavini İtaliyada tədqiqat səfərində olub FOTO

Xəbər verdiyimiz kimi, mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 12-14 dekabr tarixində İtaliyanın Pyemonte regionunda tədqiqat səfərində olub. Səfərin mövzusu “İnteqrasiyalı idarəetmənin planlaşdırılması”dır. SİA Nazirlikdən verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbəri Sənan Hacıyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəhbəri Mehman Şükürov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbəri Nazim Ağayev daxildir.

Səfər çərçivəsində 12 dekabr tarixində Turin Universitetində baş tutan ilk görüşdə İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə həmçinin Pyemonte regionunun muzeylər fondunun nümayəndələri də iştirak etmişdir. Müzakirələrdə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi zərurəti, İtaliya tərəfi ilə yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

13 dekabr tarixində Pyemonte regionunun Asti şəhərində və Portakomaro qəsəbəsində yerli kommuna rəhbərliyi, mədəniyyət sahəsində fəaliyyət göstərən nümayəndələrlə, o cümlədən Asti Muzeylər Fondunun rəhbərliyi ilə görüşlər keçirilmiş və yerli icma, dövlət və özəl qurumların iştirakı ilə mədəni tədbirlərin planlaşdırılması və icrası təcrübəsi, yerli kitabxana, muzeylər, musiqi məktəbləri və digər fəaliyyətlərə dair qabaqcıl təcrübələri öyrənilib.

14 dekabr tarixində isə Yunesko ümumdünya irs siyahısına salınmış Lange Roero Monferrato ərazisinə səfər edilib. Səfər zamanı mədəni irsin idarəedilməsində yeni təcrübə olan - inteqrasiyalı yanaşma təcrübəsi öyrənilib. Ərazi üzrə yerləşən bütün resursların - mədəni, ekoloji, landşaft, memarlıq aktivlərinin və resurslarının vahid bir plan əsasında planlaşdırılaraq idarə edilməsi təcrübəsi nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə