“Bayatı-Qacar” muğamının təfsiri və nəzəri aspektləri” -SEMİNAR- FOTOLAR

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Bayatı-Qacar” muğamının təfsiri və nəzəri aspektləri” mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminar universitetin Muğam sənəti və Xalq çalğı alətləri ifaçılığı kafedralarının birgə iştirakı ilə gerçəkləşib.

Xalq artisti, tarzən Zamiq Əliyev seminarı açaraq bildirib ki, uzun zamandır ifaçılıqda “Bayatı-Qacar” muğamına müraciət olunmur. Bu gün isə həm xanəndəlik ixtisası üzrə dərs deyən müəllimlər, həm də xalq çalğı alətləri üzrə ifaçılarımız bu muğamı dinləyib sonrakı fəaliyyətlərində bəhrələnmək imkanı qazanacaqlar.

Layihənin müəllifləri – Xalq artisti, professor Vamiq Məmmədəliyev, Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, Əməkdar artist, professor Mirnazim Əsədullayev çıxış edərək “Bayatı-Qacar” muğamının müasir dövrdə ifası və yaşadılması baxımından seminarın əhəmiyyətini diqqətə çatdırıblar.

Bildirilib ki, vaxtilə bu muğama Mütəllim Mütəllimov, Qulu Əsgərov və Ağaxan Abdullayev kimi unudulmaz xanəndələr müraciət edib. Həmin ifalar bütöv dəsgahı özündə cəm etmədiyi üçün bu gün “Bayatı-Qacar” ilk dəfə olaraq dəsgah şəklində işlənib.

Sonra layihə müəlliflərinin ifasında “Bayatı-Qacar” dəsgahı təqdim edildi.

Şərqşünas alim, akademik Vasim Məmmədəliyev çıxış edərək uğurlu layihəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, “Bayatı-Qacar” müstəqil dəsgah olmaqla yanaşı, bir şöbə kimi vaxtilə “Dügah”da işlənib: “Bu muğam xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır və hər xanəndə bu muğamı dərin fəlsəfəsi ilə çatdırmaq imkanına malik olmur. Seminar şəklində təqdim edilən dəsgah öz bütövlüyü və ifaçılıq texnikası baxımından təqdirəlayiqdir. XX əsrdə bu muğamın ən gözəl ifaçısı Mütəllim Mütəllimov olub. Bu gün müasir duyumda təqdim edilən ifada muğamın etimologiyasına uyğun olaraq seçilən klassik şeirlərimiz musiqi ilə gözəl bir vəhdət təşkil etdi”.

Daha sonra seminar hər iki kafedranın müəllim və tələbələrinin dəsgahla bağlı ifaçılara ünvanladığı suallar və müzakirələrlə davam edib.

Qeyd edək ki, təqdim edilən “Bayatı-Qacar” dəsgahına 12 guşə və yeni rənglər də əlavə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə