“Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert Xalq artisti Rübabə Muradovanın yaradıcılığına həsr olunub. Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında reallaşıb.

Muğam Mərkəzindən SİA bildirilib ki, konsertdə Xalq artistləri Səkinə İsmayılova, Nəzakət Teymurova, Teyyub Aslanov, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Almaz Orucova, Arzu Əliyeva, Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Pərviz Qasımov və Günay İmamverdiyevanın ifasında “Ay günahsız əzizim”, “Unuda bilmirəm”, “Şur” təsnifi, “Sevəydin barı”, “Nədən oldu”, “İndi sevmirəm”, “Gəl bizə yar” və digər mahnılar səsləndirilib.

İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Qeyd edək ki, dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert Vaqif Mustafazadənin yaradıcılığına həsr olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə