Şəki Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi qeyd olunub FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müvafiq əmri əsasında, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə, Şəkinin öz ənənələri ilə seçilən nüfuzlu musiqi məktəblərindən biri olan Uşaq İncəsənət Məktəbinin yaranmasının 80 illik yubileyi təntənəli surətdə qeyd olunub. SİA Nazirlikdən verilən xəbərə görə, Şəki Dövlət Dram Teatrında keçirilən yubiley mərasimində şəhər rəhbərliyi, Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər. İlk öncə təqdim edilən videoçarxda Uşaq İncəsənət Məktəbinin bu 80 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salınıb.

Qeyd olunub ki, Şəki şəhər Uşaq incəsənət məktəbi rəsmi olaraq 1938-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə məktəbin yüzlərlə məzunu olmuşdur ki, onlardan bəziləri istər Şəkidə, istər respublikanın şəhər və rayonlarında və Bakıda musiqi müəllimi və ya musiqi ifaçıları kimi hal-hazirda fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, görkəmli bəstəkar Cavanşir Quliyev, Sankt- Peterburq Qertsen adına Universitetin folklor və musiqi kafedrasının professoru, sənətşünaslıq elmləri doktoru Faiq Çələbiyev , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşunaslıq üzrə Elmi- Metodiki Mərkəzinin bədii təhsil şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Natiq Mustafayev , Bakı şəhər S.Rüstəmov adına 13 saylı musiqi məktəbinin direktoru Tofiq Salmanov məhz vaxtı ilə bu məktəbin məzunları olublar.

Hal- hazırda Şəki şəhər Uşaq İncəsənət məktəbində 490 nəfər şagird fortepiano, skripka, tar, kamança, qarmon, nağara , xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə təhsil alırlar. Məktəbdə həmin şagirdlərin təhsili ilə bağlı 187 nəfər müəllim məşğul olur. Başa vurulmuş ötən tədris ilində məktəbin müxtəlif ixtisaslar üzrə 89 nəfər məzunu olub.

Məktəbin müddət ərzində qazandıgı nailiyyətlər diqqətə çatdırıldıqdan sonra tədbir rəngarəng konsert proqramı ilə davam edib.

Yubiley tədbirinin sonunda Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov çıxış edərək yaradıcı kollektivi təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıblar. Sonra Şəki UİM-nin direktoru Eldar Rəcəbova Şəki şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə