“Doğma diyar” uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sərgi 12 yaşa qədər uşaqlar və 12-17 yaş arası uşaqlar olmaqla iki gün 19 dekabr 2018 saat 16:00-da və 20 dekabr saat 16:00-da Xətai Sənət Mərkəzində baş tutacaq.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə keçirilən müsabiqədə 17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdirəcək.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim olunacaq. Ən yaxşı 20 əsər ilin sonunda Muzey mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə təmsil olunacaq və o sərgidə təmsil olma diplomu alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə