Bakı Xoreoqrafiya Akademiyasında Ulu Öndərin xatirəsi yad olunub FOTO

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Akademiyadan SİA-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin akademiyanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi Timuçin Əfəndiyev Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, habelə Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr edərək bu sahədə misilsiz xidmətlər göstərib.

Yazıçı İlqar Əhmədoğlu Ulu Öndərin Azərbaycan tarixindəki əvəzedilməz xidmətlərindən və ümumilikdə dövlətçilik fəaliyyətindən söz açıb. Yazıçı dahi şəxsiyyətə həsr etdiyi “Odlu ürəyin döyüntüləri” kitabını tədbir iştirakçılarına təqdim edib.

Tədbir çərçivəsində fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyevin “Ümummilli lider Heydər Əliyevin nəzəri irsi və azərbaycançılıq fəlsəfəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktorları Fərhunə Atakişiyevanın “Heydər Əliyev və nitq mədəniyyəti”, Aygül Hüseynovanın “Heydər Əliyev və musiqi mədəniyyəti” və Vəfa Əliyevin “Heydər Əliyev və Azərbaycan təhsili” adlı məruzələr dinlənilib.

Həmçinin prorektor, Xalq artisti Təranə Muradova və BXA-nın müəllimi, Əməkdar artist Yuri Lobaçov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

BXA-nın kollecinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Hüseynova da Ulu Öndərin təhsilə və mədəniyyətə olan diqqət və qayğısından danışıb.

Sonra kollec tələbələri Ulu Öndərə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.

Tədbir Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videosüjetin nümayişi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə