Ulu Öndərin əziz xatirəsi “Azərxalça”nın filiallarında ehtiramla yad edilib FOTOLAR

Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarında tədbirlər keçirilib.

Azərxalça” ASC-nin mətbuat xidmətindən SİA bildirilib ki, cəmiyyətin Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba, Xaçmaz və Lənkəran filiallarının kollektivləri əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər.

Filiallarda keçirilən tədbirlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna nəzər salınıb, onun müstəqil Azərbaycan naminə gördüyü işlər, xalqımız qarşısındakı tarixi xidmətləri böyük minnətdarlıqla xatırlanıb.

Qeyd olunub ki, tarixin axarını dəyişən müdrik şəxsiyyətlərin nurlu ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub.

Bildirilib ki, Ulu Öndərimiz hələ sovet dövründə xalqımızın tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri olan xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi Ümummilli Liderin müstəqil Azərbaycanın qurulması yolundakı mühüm xidmətlərindən biridir.

Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub, “Azərxalça” ASC yaradılaraq onun filialları fəaliyyətə başlayıb.

Vurğulanıb ki, bu gün böyük dövlət xadimi Heydər Əliyevin işi və əməlləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf və tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin fəal yaradıcı gücə malik olan idealları yaşayır. Ulu Öndərin əbədiyyətə qovuşmasından ötən 15 illik zaman kəsiyi bizə bu fenomen şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha dolğun dəyərləndirmək imkanı verir.

Qeyd edilib ki, hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin Ümummilli Liderinə çevrilən Heydər Əliyev xalqı var olduqca yaşayacaq. O, Azərbaycanla birlikdə əbədi olacaq!

Bütün xəbərlər Facebook səhifəmizdə