“Açıq kitabxana” layihəsini həyata keçirib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi və mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir. SİA AMEA-dan verilən xəbərə görə, layihə çərçivəsində MEK-in nümayəndə heyətinin növbəti səfəri Qusar rayonunun Böyük Muruq adlanan ucqar dağ kəndinin orta məktəbinə olub. MEK əməkdaşları – Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və Layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev orta məktəblə tanış olublar.

Görüş zamanı Qusar rayonu Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev məktəbdə aparılan təmir və yenidənqurma işləri barədə ətraflı məlumat verib. M.Göyüşlü “Açıq kitabxana” layihəsindən, MEK-in Milli Rəqəmsal Yaddaş bazasından, “AXC-100” çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərdən və digər istiqamətlərdə fəaliyyətdən danışıb. Qeyd edib ki, bu müddət ərzində bir sıra qurumlar, o cümlədən Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi, Şamaxı rayon məktəb kitabxanaları, Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyinin Ağdamdakı “N” saylı hərbi hissəsi və digər qurumlar “Açıq kitabxana” layihəsindən faydalanıblar.

Çıxışlardan sonra Azərbaycan və dünya ədəbiyyatına aid olan kitablar Böyük Muruq kənd orta məktəbinə təqdim edilib.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana bu günə qədər layihə çərçivəsində AMEA-nın elmi müəssisələri, Təhsil və Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Respublika Elmi Pedaqoji Kitabxanası, Diasporla İş üzrə Dövlət Komitəsiylə əməkdaşlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə